Təhsil xəbərləri » İSRA kursları ...Ali təhsilə aparan etibarlı yol.... - www.isra.az

(024) 205 29 07 / (050) 548 55 99
Bizə hər an zəng edin: 9.00 - 19.30


Təhsil xəbərləri

Yaponiyada təhsil alan tələbə: Nənəmin yolunu davam etdirirəm - Uğur formulu
Kyoto Universitetinin zəngin kitabxanasında Azad Mirzəcanzadə və Lütfi Zadənin əsərlərini gördükdə isə ürəkdən fəxr etmişəm.

Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nilufər Rəhimovadır.
Nilufər Rəhimova 1989-cu ildə Bakıda anadan olub. Bakıdakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra qəbul imtahanlarında yüksək bal toplayaraq, Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olub. Magistiratura təhsilini Yaponiyanın Kyoto Universitetində alıb. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsilini davam etdirir.
-Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
-Kyoto Universitetində təhsil almaq mənə dünyanın ən qabaqcıl texnologiyaları ilə müasir tibb üçün aktual olan mövzularda tədqiqat aparmaq imkanı verib. Ən son innovasiyalardan istifadə edərək, mən burada gen mühəndisliyi, molekulyar klonlaşdırma, bio-görüntüləmə üsulları ilə iltihabi proseslərin cari vaxtda, tək hüceyrə səviyyəsində necə baş verdiyini vizual muşahidə edə bilmişəm. Bu isə gələcəkdə iltihab komponenti olan, məsələn, xərçəng və revmatoidli artrit kimi xəstəliklərin daha asan, sürətli və dəqiq diaqnozunda köməkçi vasitə kimi istifadə oluna bilər.
-Niyə məhz bu ixtisası seçdiniz?
-Nənəm əczaçı olub və öz sənətini çox sevib. Onun bu istəyi mənə də sirayət etdi. Uşaqlıqdan bu sahədə mütəxəssis olmaq istəyirdim.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
-Əvvəla, əczaçılıq sahəsinin çox istiqamətli və perspektivli olduğunu Tibb Universiteti tələbələrinin bilməsini və aydın təsəvvür etməsini istərdim. Tibb Universitetində yeni laborator avadanlıq, yeni tədris materialları, ən son texnologiyaların istifadəsinin mümkün olduğu bir mühitin olmasını arzulayıram. Düşünürəm ki, elmin inkişaf etməsi üçün hər bir şərait olmalıdır və mütəxəssislər daim özlərini təkmilləşdirməlidir.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ?
-Yaponiyada çox az sayda insanın Azərbaycan haqqında kifayət qədər informasiyası var. Bu, xüsusən paytaxtdan uzaq yaşayan insanlarda daha tez-tez müşahidə olunur. Universitetin müxtəlif vaxtlarda təşkil etdiyi tədbirlərdə Azərbaycan haqqında təqdimatlar etmişəm. Bizim ölkənin məşhur xadimləri haqqında dolğun məlumatlar verir, ölkəmizi tanıtdıran amillərdən danışmışam. Kyoto Universitetinin zəngin kitabxanasında Azad Mirzəcanzadə və Lütfi Zadənin əsərlərini gördükdə isə ürəkdən fəxr etmişəm.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
-Burada müəllim-tələbə arasında hörmət olduğu qədər də sərbəstlik var. Tələbələr əksər hallarda öz tədqiqat istiqamətlərini özləri müəyyənləşdirir. Müəllimlər isə onlara bu yolda köməklik göstərir. Bu, tələbəyə müstəqil bir mütəxəssis kimi yetişməyə imkan yaradır.
-Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
-Çox razıyam. Ümumiyyətlə, yaponiyalılar çox istiqanlıdır. Yapon universitetləri tələbələrin əcnəbi olub-olmamasından asılı olmayaraq, şəffaf akademik mühit yaradıb, bu da çox ümidvericidir.
-Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
-Yaponiyada doktorantura da daxil olmaqla təhsilin bütün mərhələləri ödənişlidir. Bu baxımdan Azərbaycanda təhsil almaq rahatdır. Elmi-texnoloji baza baxımından isə Yaponiya təhsil sistemi dünyada ön sıralardadır. Burada hətta ali təhsilin aşağı mərhələlərində belə tələbələrin yüksək texnologiyalarla yaxından tanış olmaq imkanı var.
- Çətinlikləriniz varmı?
-Çətinliyim bura gələn ilk vaxtlarda yapon dili ilə bağlı yaranmışdı. Yaponlar ingilis dilini o qədər də yaxşı bilmədiklərinə görə rahat ünsiyyət qurmaq çətin idi. Yapon dilini öyrəndikdən sonra hər şey qaydasına düşdü. İlk vaxtlarda çox ehtiyatla yeməklərin dadına baxırdım. Çünki tam fərqli mətbəxdir, cürbəcür dəniz məhsullarından hazırlanır, hətta qoxusu qəribə gəlirdi. Lakin tədricən anladım ki, yaponların çox sağlam və xeyirli mətbəxi var. İndi böyük həvəslə yapon yeməklərini qəbul edirəm. İnsanı sağlam və gümrah saxlayır. Yaponiyada bu səbəbdən dolu bədənli, artıq çəkili insanlar demək olar ki, yoxdur. Onlar çox sağlam həyat tərzi keçirirlər. Həddən ziyadə dürüstdürlər. Yaponiya mənə sağlam həyat və qida haqqında əsl məktəb keçdi. İndi isə mən əksinə, Bakıya gələndə bizim çox dadlı, lakin kifayət qədər yağlı və ağır mətbəximizə artıq ehtiyatla yanaşıram.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
-Asudə vaxtlarımda bədii ədəbiyyat oxumağı çox sevirəm.
-Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir?
-Təhsilimi başa vurduqdan sonra fəaliyyətimi elmi, akademik istiqamətdə davam etdirmək istəyirəm.
-Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
-Bütün gənclərə təhsillərinə çox ciddi yanaşmağı tövsiyə edərdim. Ən əsası gənclik vaxtlarını səmərəli istifadə etmələrini arzulayardım. Öz sahəsində dünyagörüşünü artırmaq və daim inkişaf etmək istəyi hər kəsin həyat vərdişi olmalıdır. Təəccüblü deyil ki, bu istək insanı hər zaman daxilən gənc saxlayır.

Qeyd

Digər xəbərlər